Bu gün Haaqa məhkəməsində Ukraynanın Rusiyaya qarşı qaldırdığı iddia üzrə dinləmələr başlayacaq.
ONA “UkrInform”-a istinadən xəbər verir ki, dinləmələrin birinci raundunda Rusiya tərəfi çıxış edəcək.
Məlumata görə, Rusiyanı dinləmələrdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Dmitri Lobaç, Rusiya XİN-in insan hüquqları, demokratiya, qanunun aliliyi üzrə səlahiyyətli nümayəndəsi, Humanitar Əməkdaşlıq və İnsan Hüquqları Departamentinin direktor müavini Grigori Lukyansev təmsil edəcək.
Bildirilir ki, sabahkı dinləmələrdə Ukrayna tərəfi öz mövqeyini təqdim edəcək.
Ukrayna nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Avropa İnteqrasiyası məsələləri üzrə müavini Yelena Zerkal rəhbərlik edir.
BMT-nin Beynəlxalq Məhkəməsi məsələni terrorizmin maliyyələşdirilməsinin qadağan edilməsi və irqi ayrı-seçkiliyin qadağan edilməsinə dair konvensiyanın Rusiya tərəfdən pozulması çərçivəsində araşdırır.
Qeyd edək ki, 2017-ci ilin yanvarın 16-da Ukrayna Rusiyanı BMT-nin Beynəlxalq Məhkəməsinə verib. Rusiyaya qarşı ittihamlara qanunsuz silahlı qruplaşmalara silah və digər dəstəyin göstərilməsi, Malayziya hava yollarına məxsus MH17 təyyarəsinin vurulması, Mariupol və Kramatorskda yaşayış rayonlarının atəşə tutulması, Volnovaxa yaxınlığında mülki sərnişin avtobusunun məhv edilməsi, Xarkovda dinc nümayiş zamanı ölümlə nəticələnən partlayışın törədilməsi, ukraynalılar və Krım tatarlarına qarşı diskriminasiya, Krım tatarları məclisinin fəaliyyətinin qadağan edilməsi, qətllər, qanunsuz saxlanılma halları, Ukrayna və Krım tatarlarının dilinin tədris olunmasının qadağan edilməsi daxildir.
Dinləmələr iyunun 7-nə kimi davam edəcək.