Bu gün Litvada növbəti prezident seçkiləri keçirilir.
ONA-nın TASS-a istinadən verdiyi məlumata görə, 9 namizəd prezidentlik postu uğrunda mübarizəyə qatılıb.
Lakin ekspertlərin qənaətinə görə, onlardan daha çox səs toplamağa şanslı olanlar 54 yaşlı iqtisadçı Gitanas Nauseda, 44 yaşlı sabiq maliyyə naziri İnqrid Simonit və 48 yaşlı baş nazir Saulius Skvernyalisdir.
Ölkə konstitusiyasına görə, Litvanın indiki Prezidenti Dalia Gribauskayte isə artıq iki müddətdə prezident seçildiyindən üçüncü dəfə referenduma qatıla bilməz.
Mütəxəssislərin fikrincə, bu gün namizədlərdən heç biri tam qələbəni təmin edə bilməyəcək. Bu baxımdan ikinci turun olacağı ehtimalı böyükdür.
Seçkidə qalib gəlmək üçün namizəd səslərin 50 faizindən çoxunu qazanmalıdır. Əgər bazar günü belə nəticə qeydə alınmazsa, iki həftə ərzində ikinci tur keçiriləcək.
Qeyd edək ki, 2.472 milyon vətəndaşın səs vermə hüququ var. Seçki məntəqələri yerli vaxtla saat 07: 00-da açıllıb.
Xatırladaq ki, Litvada prezident beş il müddətinə və gizli səsvermə yolu ilə seçilir. Namizədin 40 yaşı, həmçinin ən azı son üç ildə Litvada yaşamış ölkə vətəndaşı olmalıdır.