Prezident Trampın xüsusi müşaviri Cared Kuşner Yaxın Şərq üçün ABŞ sülh planının aspektlərini açıqlayıb.
ONA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, Kuşner bu barədə Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunda çıxışı zamanı deyib.
“Siz əgər “iki dövlət” deyirsinizsə, bu, israillilər üçün bir məna, fələstinlilər üçün başqa məna verə bilir. Biz qərara gəldik ki, bu ifadəni işlətməyək. Sadəcə, onun detalları üzərində işləyək” - deyə Kuşner bildirib.
Xüsusi müşavir planın rəsmi şəkildə açıqlanmasından öncə detallı məlumat vermək istəmədiyini deyib. Lakin o bildirib ki, sözügedən plan İsrail və Fələstin arasında konflikti son statusu əhatə edəcək: “Düşünürəm ki, qısa müddətə bu həll çətin olacaq, çünki insanlar reaktiv və emosional olacaqlar. Lakin biz həqiqətləri qəbul edib tanımalıyıq və düşünürəm ki, Yerusəlimin İsrailin paytaxtı kimi tanınması da bir həqiqətdir. Bu həqiqət istənilən final razılaşmanın bir hissəsi olaraq qalacaq”.
İsrailin kompromisə gedəcəyini deyən amerikalı rəsmi bildirib ki, onun komandası fələstinli iş adamları və sadə vətəndaşlarla bu məsələni müzakirə edib: "Əminəm ki, bu sülh planı onlar üçün çox məqbul olacaq. Fələstin rəhbərliyinin nə olduğunu bilmədikləri bir plana hücum etdiyini görmək bizim üçün çox üzücüdür. Əgər onlar həqiqətən Fələstin xalqının həyatını yaxşılaşdırmağı düşünürdüsə, son 20 ildə onlar çox fərqli qərarlar ala bilərdilər".
Xüsus müşaviri əlavə edib ki, Tramp administrasiyasının əsas yanaşması odur ki, əgər plan uğursuz olsa belə, bu uğursuzluq "keçmişdə olduğu kimi eyni şəkildə təkrar olmasın".
Xatırladaq ki, gələn ay Tramp adminstrasiyası uzun müddətdir gözlənilən Yaxın Şərqlə bağlı sülh planını açıqlayacaq.