Çinin Hubey əyalətində koronavirus infeksiyasının ocağı sayılan Uhan şəhərinin ardınca daha 9 şəhərlə nəqliyyat əlaqəsi dayandırılıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, belə olan halda bu və ya digər səviyyədə nəqliyyatın kəsildiyi şəhərlər 10-a çatıb: Uhan, Eçjou, Çibi, Huanqan, Syantao, Çjiszyan, Syantzyan, Xuanşi, Enşi və Syannin.
Uhan şəhərində daha sərt karantin elan olunub. Yanvarın 23-dən bu şəhərdə avtobuslar, gəmilər, metro dayandırılıb, sərnişin avtobusları və su nəqliyyatı şəhərə buraxılmır, aeroportdan uçuş və dəmir yolu nəqliyyatı da ləğv edilib, şəhər rəhbərliyi vacib səbəb olmadığı müddətdə Uhana getməyi və oranı tərk etməyi məsləhət görmür.
Eçjou şəhərində də 23 yanvar səhər saatlarından dəmir yolu nəqliyyatı dayandırılıb. Syantao rəhbərliyi ötən gün 17:00-dan bütün avtobusların və su nəqliyyatının hərəkətini ləğv edib, onlarla sürət şosseləri bağlanıb. Həmin müddətdən Çjiszyan şəhərində beynəlxalq avtobusların hərəkəti dayandırılıb, şəhərdə ancaq supermarketlər, xəstəxanalar, bazarlar, yanacaq doldurma məntəqələri, apteklər işləyir, digər kommersiya fəaliyyətinə fasilə verilib.