• DÜNYA

    02:42 3 avqust 2020

"Crew Dragon" kosmik gəmisi Florida yaxınlığında Yerə enib

Amerikalı astronavtlar Daqlas Hörli və Robert Benkenin göyərtəsində olduğu ABŞ-ın “Crew Dragon” kosmik gəmisi Meksika körfəzində, Florida ştatı sahili yaxınlığında eniş edib.

APA xəbər verir ki, gəminin enişi ABŞ-ın Milli Aeronavtika və Kosmik Administrasiyasının (NASA) saytında da canlı yayımlanıb.

Bildirilir ki, təxminən 5,5 km yüksəklikdə gəminin əyləc paraşütləri açılıb ​​və bir neçə dəqiqə sonra təxminən 2 km yüksəklikdə dörd əsas paraşüt də işə düşüb. ABŞ-ın Şərq sahili vaxtı ilə saat 14:48-də (Bakı vaxtı ilə 22:48) təxminən 7,5 m/s sürətlə enən “Crew Dragon” Meksika körfəzinə düşüb. Enişdən bir neçə dəqiqə sonra D.Hörli radio əlaqə vasitəsilə gəmi heyətinin “yaxşı olduğunu” bildirib.

Astronavtları təxliyə etmək üçün əməliyyata 40-dan çox mütəxəssis, iki axtarış-xilasetmə gəmisi, iki sürətli qayıq və bir neçə helikopter cəlb olunub. Gəmilərdən biri “Crew Dragon”un hava sızıntısını yoxlayacaq, digəri isə paraşüt sistemini götürəcək. Bundan sonra astronavtlar tibbi müayinədən keçmələri üçün Floridaya çatdırılacaqlar.

Qeyd edək ki, göyərtəsində NASA-nın astronavtları Robert Benken və Daqlas Hörlinin olduğu “Crew Dragon” gəmisi “Falcon 9” raketi vasitəsilə bu ilin may ayının 30-da müvəffəqiyyətlə orbitə çıxıb. Gəmi mayın 31-də Beynəlxalq Kosmik Stansiyaya çatmışdı.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR