• DÜNYA

    12:15 3 iyun 2019

Donald Trampın Böyük Britaniyaya rəsmi səfəri başlayıb

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya rəsmi səfəri başlayıb.

ONA-nın London bürosunun “BBC”yə istinadən verdiyi xəbərə görə, səfər üç gün davam edəcək.

Səfərin ilk günündə ABŞ prezidenti kral ailəsinin üzvləri ilə görüşəcək, axşam isə Donald və Melaniya Trampın şərəfinə Bukinhem Sarayında Kraliça tərəfindən ziyafət veriləcək.

Səfərin ikinci günündə Tramp və Britaniyanın baş naziri Tereza Mey biznesmenlərin qatılacağı səhər yeməyində iştirak edəcək. Daha sonra iki lider mətbuat konfransı keçirəcək. Donald Trampın Tereza Mey ilə iqlim dəyişikliyi, Çin texnologiya şirkəti “Huawei” barəsində danışıqlar aparması gözlənilir.

Bundan başqa, səfərin ikinci günündə Londonda və bir çox şəhərdə Tramp əleyhinə aksiyaların keçirilməsi gözlənir.

Səfərinin üçüncü günündə isə Tramp İrlandiyaya üz tutacaq. O, ölkənin Baş naziri Leo Varadkar ilə Şannonda görüşəcək.

ABŞ Prezidenti Britaniya səfər öncəsi “The Sunday Times" qəzetinə müsahibə verib. O, müsahibəsində keçmiş xarici işlər naziri Boris Consonun baş nazir postuna namizədliyini dəstəklədiyini bildirib. Həmçinin “Brexit” partiyasının lideri Naycel Faracı London və Brüssel arasında aparılan danışıqlarda vasitəçi təyin etməyi də məsləhət görüb.

Qeyd edək ki, Donald Trampın ailə üzvləri də səfərdə iştirak edəcək. Donald Trampın qızı İvanka Tramp artıq Londondadır. O, dünən “Victoria və Albert” muzeyindən özünün “İnstagram” səhifəsində foto paylaşıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR