Marneulidə yerləşən 68 saylı seçki məntəqəsində provokasiya cəhdləri edilsə də, qarşısı alınıb.
ONA-nın Gürüstan bürosunun məlumatına görə, bunu Marneuli Dairə Seçki Komissiyasının (DSK) sədri Koba Asanidze bildirib.
DSK sədri Marneulidə seçki prosesində qayda pozuntuları ilə bağlı şikayətlərin sayının 15-ə çatdığını açıqlayıb: "Bəzi yerlərdə prosedur qaydalarının pozulması müşahidə edilib. Bununla belə, qayda pozuntuları seçkilərin nəticələrinə təsir edəcək səviyyədə deyil".
K. Asanidze deyib ki, 68 saylı seçki məntəqəsində prosedur qaydalarının pozulması haqqında yayılan xəbərlər doğru deyil, proses sakit ab-havada davam edir
***
saat 13.15
Bu gün Marneulidə keçirilən mer seçkilərində saat 12.00-a olan məlumata görə, 14 min seçici səsvermə hüququndan istifadə edib.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Marneuli Dairə Seçki Komissiyasının (DSK) sədri Koba Asanidze bildirib.
Bu, seçicilərin ümumi sayının təxminən 14 faizini təşkil edir. K. Asanidze bu saatadək komissiyaya 10 şikayət daxil olduğunu açıqlayıb: "Bəzi seçki məntəqələrində müşahidəçilər provokasiyaya əl atır, ancaq biz belə hallara qarşı lazım olan şəkildə müdaxilə edirik".
Marneulidə 99 min 717 nəfər səsvermə hüququna malikdir.
Qeyd edək ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.
Namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.
Seçki öncəsi sorğulara əsasən ən yüksək reytinq azərbaycanlı namizədlərə məxsusdur.