Optik sənət qurucularından sayılan venesuelalı rəssam Karlos Kruz-Diez 95 yaşında Fransada vəfat edib.
APA “TASS”a istinadla xəbər verir ki, bu barədə Paris fondu onun İnstaqram səhifəsində məlumat yayıb.
Məlumatda qeyd olunub ki, kinetik rəsm sənətinin böyük qabaqcıllarından olan Karlos Kruz-Diez öz əcəli ilə vəfat edib.
Qeyd edək ki, dünyaca məşhur rəssam Karlos Kruz-Diez 1923-cü ildə Karakasda anadan olub. O, 1957-ci ildə Əsrarəngiz Sənətlər Məktəbini yaradıb. 1960-cı ildə Parisə köçüb. Əsərləri Nyu-Yorkda Müasir İncəsənət Muzeyində, Londonda Teyt Qalereyasında, Parisdə Pompidu Mərkəzində nümayiş etdirilməkdədir.
Karakasda, Parisdə və Panamada, habelə Hyustonda rəssamlıq sənət studiyaları olan rəssam 2012-ci ildə Fransanın ən yüksək mükafatı – “Fəxri Legion ordeni” ilə təltif edilib.