Çinin materik hissəsində yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 24,3 mini keçib, 490 nəfər isə bu xəstəlikdən ölüb.
APA xəbər verir ki, bu barədə ÇXR-in Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd olunub.
Bu vaxta qədər rəsmi olaraq 20,4 min yoluxmanın 425 ölüm aktının qeydə alındığı bildirilmişdi.
“4 fevral gecə yarısına olan son məlumata əsasən, Dövlət Komitəsi 31 əyalətdən (rayonlar, mərkəz tabeli şəhərlər) 24 324 təsdiqlənmiş yoluxma halı, 490 nəfərin ölümü və 892 nəfərin sağalaraq xəstəxananı tərk etməsi barədə məlumatlar əldə edib”, - deyə məlumatda bildirilib.
Son sutkalarda 3,8 min yeni yoluxma müşahidə edilib. Təkcə Honkonqda 18 nəfər (1 ölü), Makaoda 10, Tayvanda 11 nəfər bu virusa yoluxub.
Bundan başqa, daha 23,2 min nəfərdə koronavirus şübhəsi aşkar olunub. Hazırda yoluxan xəstələrlə sıx əlaqədə olan təxminən 185,5 min insan nəzarətdə saxlanılır.
***
Saat 23:05
Dünyada yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 20,6 min nəfəri keçib.
APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə axşamı yaydığı məlumatda bildirilir.
ÜST-ün məlumatına görə, fevralın 4-də Çində 2019-nCov virusuna yoluxma halı 20 471 nəfərdə qeydə alınıb. Daha 23 214 nəfərdə isə koronavirus şübhəsi aşkarlanıb. 2788 xəstə hazırda ağır vəziyyətdədir. Ümumilikdə, xəstəlik nəticəsində 425 nəfər, əsasən bir və ya iki xroniki xəstəliyi olan yaşlı insanlar ölüb. Eyni zamanda, 680-dən çox insan bu virusdan xilas olub.
Çindən kənarda 24 ölkədə 176 nəfər koronavirusa yoluxub: Tailand (25), Sinqapur (24), Yaponiya (21), Cənubi Koreya (16), Avstraliya (13), Almaniya (12), ABŞ (11), Malayziya (10), Vyetnam (10), Fransa (6), BƏƏ (5), Kanada (4), Hindistan (3), Filippin (3), Filippin (2), İtaliya (2), Rusiya (2), Böyük Britaniya (2), Kamboca (1), Nepal (1), Şri-Lanka (1), Belçika (1), Finlandiya (1), İspaniya (1) və İsveçdə (1) artıq bu xəstəliyin daşıyıcıları var.
Çindən kənarda yeganə ölüm hadisəsi Filippində qeydə alınıb.