Ekvador beynəlxalq konvensiyaların davamlı pozulması səbəbi ilə “WikiLeaks”ın təsisçisi Culian Assanjı sığınacaqla təmin etməkdən imtina edib.
ONA-nın məlumatına görə, bu barədə Ekvadorun prezidenti Lenin Moreno öz “twitter” səhifəsində açıqlama verib. Onun sözlərinə görə, ölkəsi insanların sığınacaq hüquqlarına hörmətlə yanaşır. Lakin imtina C.Assanjın aqressiv və nəzakətsiz davranışı, sərt bəyanatları və beynəlxalq razılaşmaları pozması ilə əlaqədar olub Onun sözlərinə görə, xüsusilə bu, başqa ölkənin daxili işlərinə qarışmaqla bağlıdır.
Buna misal kimi Ekvador prezidenti son olaraq Vatikana məxsus sənədləri sızdırmasını göstərib. Prezident əlavə edib ki, C.Assanj səfirliyin videomüşahidə kameralarının işini bloklayıb, icazəsiz olaraq təhlükəsizlik sisteminə daxil olub. O həmçinin bildirib ki, Ekvador tərəfi Londondan C. Assanjın ölkəsinə ekstradisiya olunmayacağına dair zəmanət alıb.
Qeyd edək ki, aprelin 11-də “WikiLeaks”ın təsisçisi Culian Assanj Ekvador səfirliyində London polisi tərəfindən həbs olunub.
Məlumata görə, Assanj hazırda Londonun mərkəzində həbsdə saxlanılır.
Qeyd edək ki, o 6 il Ekvadorun Londondakı səfirliyində yaşayıb. Bu müddət ərsində Ekvador hakimiyyəti Assanjın təhlükəsizliyi üçün 5 milyon dollardan çox vəsait xərcləyib.
O, 2012-ci ildə zorlama ittihamı ilə həbs olunaraq İsveçə verilməsindən ehtiyat edərək Ekvador səfirliyinə sığınıb.
2017-ci ilin mayında ittiham üzrə araşdırma dayandırılsa da, Assanj yenə də İsveçə veriləcəyindən qorxaraq, səfirliyi tərk etməyib. Assanj dəfələrlə bəyan edib ki, İsveçin onu ABŞ-a təhvil verəcəyindən ehtiyat edir. Çünki ABŞ-da onu ölüm hökmü gözləyir.
Bunun səbəbi J. Assanjın yaratdığı "WikiLeaks" saytının Pentaqonun məxfi sənədlərini və müxtəlif gizli yazışmaları yaymasıdır.