Əlcəzair Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əhməd Gaid Salah artıq Konstitusiyanın prezident postunun artıq boş olduğunu nəzərdə tutan 102-ci maddəsinin tətbiqinin zəruri olduğunu bəyan edib.
ONA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ə.G.Salah xalqın tələblərinin qanuni olduğunu bildirib.
Baş Qərargah rəisi prezident seçkilərinə qədər 45 gün müddətində prezident səlahiyyətlərini parlamentin sədri Abdelkader Bensalahın icra edəcəyini açıqlayıb. Başqa sözlə, bu müddətdə ölkəni hazırkı prezident Əbdüləziz Buteflika deyil, parlamentin sədri Abdelkader Bensalah idarə edəcək.
Qeyd edək ki, martın 11-də Əbdüləziz Buteflika aprelin 18-nə nəzərdə tutulmuş və daha sonra təxirə salınan prezident seçkilərində iştirak etməyəcəyini, hökumətdə yerdəyişmələrin olacağını, ümummilli konfransın yaradılacağını, həmçinin öz səlahiyyət müddətini 1 il uzadacağını bəyan etmişdi. Əlcəzairdə keçirilən etiraz aksiyalarında isə Əbdüləziz Buteflikadan aprelin 28-i mandatı başa çatdıqdan sonra prezident postunu tərk etməsi tələb olunurdu.