Bu gün Əlcəzair Baş Prokurorluğu sabiq Baş nazirlər Əhməd Uyahi və Əbdülmalik Sallyalya 20 il azadlıqdan məhrumetmə cəzası tələb edib.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, sabiq Baş nazirlər dövlət vəsaitini qanunsuz sərf etmək və yaxınlarının biznesinə güzəştli şərait yaratmaqda ittiham edilirlər.
Baş Prokurorluq sabiq sənaye nazirləri Yusif Yusfi və Mahcuba Biddenin 15 il, digər sabiq sənaye naziri Əbdülsəlam Buşaribanın isə 20 il azadlıqdan məhrum edilməsini istəyir. Y. Yusfi qanunvericiliyə zidd müqavilələr imzalamaqda, dövlət vəsaitini israf etməkdə günahlandırılır.
Prokurorluq sabiq nəqliyyat naziri və Bumerdes vilayətinin qubernatorunun da 10 il azadlıqdan məhrum olunmasını tələb edir.
Qeyd edək ki, sabiq Prezident Əbdüləziz Buteflikanın dövründə yüksək vəzifə tutmuş bir çox şəxslər mühakimə olunur. Hərbi Məhkəmə sabiq Prezidentin kiçik qardaşı Səid Buteflikanı, təhlükəsizlik qüvvələri üzrə sabiq koordinator general-mayor Osman Tartaqa və Kəşfiyyat və Təhlükəsizlik Departamentinin sabiq rəhbəri general Məhəmməd Myedyenanı da həbs edib.