• DÜNYA

    20:45 26 aprel 2021

Ərdoğan: “Co Bayden haqsız, əsassız, həqiqətə uyğun olmayan ifadələrə yol verib”

“Aprelin 24-də ABŞ Prezidenti Co Baydenin coğrafiyamızda bir əsr öncə yaşanan faciəli hadisələrlə əlaqədar əsassız, haqsız, həqiqətlərə uymayan ifadələrə yol verib. Heç bir tarixi və hüquqi əsası olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi bizi də təəssüfləndirdi”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra açıqlamasında bildirib.

R.T.Ərdoğan deyib ki, Co Baydenin radikal erməni dairələrinin təzyiqi ilə belə bir ifadəyə yol verdiyini düşünür: “Bu vəziyyət ortaya çıxan mənzərənin iki ölkə arasındakı narazılığı aradan qaldırmayacaq. Türkiyə olaraq, tarixdə olan faciələrin müqayisə olunmasını humanist hesab etmirik, amma əgər belə bir yarış keçirəcəklərsə, biz alnıaçıq, üzüağ çıxacağımıza əminik. Çünki heç bir yerdə ermənilərə aid toplu məzara rast gələ bilməzsiniz, amma türklərə aid çox sayda toplu məzarlar var. ABŞ və Avropa başda olmaqla bizə soyqırımı ittihamı yönəldənlərin hər birinin tarixində bu utancverici qətliamlar yer alıb”.

Ərdoğan deyib ki, erməni terror şəbəkələrini dəstəkləyən qüvvələr öz tarixlərindəki rüsvayçılığı ört-basdır etmək cəhdlərindədirlər: “Biz yenə də əvvəlki fikrimizdəyik. Tarixdəki hadisələrin araşdırılması və həqiqətlərin ortaya çıxarılması tarixçilərə həvalə edilməlidir, siyasətçilərə yox”.

Türkiyə Prezidenti əlavə edib ki, ABŞ Prezidentinin yanlış addımdan geri dönməsinə ümid edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR