Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 31-də Suriyanın İdlib əyalətinin ABŞ hərbçiləri tərəfindən aviazərbələrə məruz qalmasına təəssüfləndiyini bildirib.
APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Çexiyanın baş naziri Andrey Babişlə danışıqların nəticələrinə dair keçirilmiş mətbuat konfransında deyib.
“Çox təəssüf ki, son iki gündə ABŞ-ın da zərbələr endirdiyi İdlibdə 700 nəfər ölüb. Əlbəttə, orada döyüşçülər də ola bilərdi, ancaq biz İdlibin hissə-hissə necə yoxa çıxdığını görürük. Əvvəl Hələbdə olduğu kimi, İdlib də analoji vəziyyətdədir. Biz rəsmi Moskva ilə danışıqlar aparırıq, tezliklə Suriya məsələlərinə dair Rusiya-Türkiyə-İran sammiti olacaq. Cenevrə qarşısında bəzi addımlar atmağa çalışırıq”, - deyə Ərdoğan öz çıxışında bildirib.