“Milli həll yolları sayəsində Türkiyənin daxili məlumatları ölkəmizdə qalacaq. Biz özlərini qanundan da, hüquqdan da üstün hesab edən Qərbin sosial şəbəkə şirkətlərinə boyun əyməyəcəyik”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Radio-Televiziya Jurnalistləri Dərnəyinin Media Oskarı ilə Mükafatlandırma tədbirində danışarkən belə deyib.
Ərdoğan bildirib ki, elektron və sosial media həyatımıza gətirdiyi asanlıqlarla bərabər, bir çox sahələrdə ciddi risklər də yaradır: “Bir tərəfdə demokratiyanı təbliğ edən sosial şəbəkələr, digər tərəfdə kibertəhlükə, kiberterror və yalan məlumatları gündəmimizə daxil ediblər. Odur ki, biz rəqəmsal faşizmə qarşı birlikdə müqavimət göstərməliyik! Dövlətin vəzifəsi vətəndaşlarının təhlükəsizliyini qorumaqdır. Necə real həyatda vətəndaşlarımızın təhlükəsizliyini təmin edirik, eləcə də virtual həyatda bunu təmin edəcəyik. Azadlıq adı altında Türkiyəni yalan xəbərin, iftiranın meydan suladığı bir mühitə qurban verə bilmərik. Biz cəzalar tətbiq etməyə başlayanda onlar da tabe olmağa başladılar. Reklam və digər vasitələrlə qazanc ədə edib, vergi ödəməkdən boyun qaçıra bilməzlər. Qərbə necə ödəyirlər, bizə də elə ödəyəcəklər. Biz rəqəmsal diktatorluğa və kiberzorakılığa qarşı hüquqi mübarizənin önəmini daha yaxşı anlayırıq”.
Prezident deyib ki, Türkiyə yaxın zamanda yerli və milli sosial şəbəkə proqramlarını genişləndirəcək: “Xarici sosial şəbəkə şirkətlərinin məlumatların məxfilik məsələsində ikili standartla yanaşması Türkiyənin “BiP” kimi mesajlaşma proqramının tətbiqini zəruri edib. Yaxın gələcəkdə yerli proqramlarımızın daha keyfiyyətli səviyyəyə çatdıracağıq. Unutmayaq ki, yerli və milli olan müvafiq məhsullarımız xarici ekvivalentlərindən daha çox imkanlara sahibdir. Bütün vətəndaşlarımızı yerli və milli tətbiqlərdən istifadəyə dəvət edirik”.
Qeyd edək ki, keçən həftə Türkiyə Prezident Administrasiyasının Rəqəmsal Transformasiya şöbəsinin müdiri Ali Taha Koç əhaliyə yerli sosial şəbəkə vasitələri olan “BiP” və “Dedi” proqramlarından istifadəni tövsiyə edib. Türkiyədə “WhatsApp-ı silirik” kampaniyasına başlanılıb, bu kampaniyaya türkiyəli iş adamı, “Baykar Makine” şirkətinin texniki direktoru, Türkiyə Prezidentinin kürəkəni Selçuk Bayraktar da qatılıb. Selçuk Bayraktar mesajlaşmada “BiP”-dən istifadə etdiyini bildirib.