Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğluna Ankada edilən hücuma münasibət bildirib.
ONA xəbər verir ki, Ərdoğan özünün “Twitter” hesabında şəhidin dəfn mərasimində arzu edilməyən bir hadisənin baş verdiyini vurğulayıb: “Təəssüf ki, dünən Ankaranın Çubuq rayonunda şəhidin dəfn mərasimində arzulanmaz olay yaşanıb, CHP sədrinə qarşı etiraz aksiyası fikizi zorakılıq aksiyasına çevrilib. Hər cür zorakılığın və terrorun əleyhinəyik. Heç kimin Türkiyədə sabitliyi pozmasına imkan verməyəcəyik”.
Türkiyə Prezidenti hadisə ilə bağlı ətraflı araşdırma aparılacağını qeyd edib.
Qeyd edək ki, aprelin 21-də Ankaranın Çubuq rayonunda PKK terrorçuları ilə döyüşdə şəhid olan hərbçinin dəfn mərasimində CHP sədrinə hücum olub. Yüngül xəsarət alan Kılıçdaroğlu polisin və mühafizəçilərinin köməyi ilə bir evə aparılıb, daha sonra zirehli maşınla ərazidən uzaqlaşdırılıb.
Hadisəni törətməkdə təqsirləndirilən 11 nəfərin kimliyi müəyyənləşib, onlardan 9-u saxlanılıb. 3 nəfər bu gün ilkin dindirmədən sonra sərbəst buraxılıb, digərləri ilə bağlı araşdırmalar davam edir. Hadisəni təşkil etməkdə və Kılıçdaroğlunu yumruqla vurmaqda təqsirləndirilən Osman Sarıgün hazırda polis tərəfindən dindirilir.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik Osman Sarıgünün AKP üzvü olduğunu, ən qısa vaxtda partiya sıralarından xaric ediləcəyini bildirib.
Daxili işlər naziri Süleyman Soylu isə hadisənin xaricdən qaynaqlanan təxribat olduğu barədə iddiaların əsassız olduğunu vurğulayıb.