Korsika adası pis hava şəraiti səbəbindən materik Fransadan təcrid olunub.
APA xəbər verir ki, bu barədə “France Info” portalı məlumat yayıb.
Portalın məlumatına görə, “Fabien” fırtınası səbəbindən bazar günü Korsikaya gedən bərə Marsel limanında qalıb. Adaya edilən bütün aviauçuşlar da ləğv edilib. Adanın ən böyük şəhəri olan Ayaççonun hava limanı şənbə günündən etibarən bağlanıb və dekabrın 24-dən tez açılmayacağı bildirilib.
Korsikanın dəmiryol şirkəti “Facebook”da səhifəsində bildirib ki, bazar ertəsi səhər yola aşan ağaclar səbəbindən qatarlar hərəkət edə bilməyəcək. Ayaçço və Bastiya şəhərləri arası qatarların hərəkətinin bərpası dekabrın 23-də yerli vaxtla saat 12:00-a qədər mümkün olacaq.
Qeyd edək ki, cümə günü gecə İspaniya, Portuqaliya və Fransanın cənubunda baş verən fırtına nəticəsində azı səkkiz nəfərin öldüyü bildirilib. “Elsa” fırtınası çayları daşırıb, elektrik xətlərini, bölgədəki hava və dəmir yolu əlaqələrini kəsib. Zəifləyən “Elsa” sonradan “Fabien” fırtınası ilə əvəz olunub.