Fransa prezidenti Emmanuel Makron Suriyanın İŞİD terrorçularından tam azad edilməsi xəbərini alqışla qarşılayıb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, o bu barədə şəxsi “Twitter” səhifəsində qeyd edib.
“Suriya demokratik qüvvələri” İŞİD-in son qalasının yıxıldığını açıqlayıb. Mən öz müttəfiqlərimizə və Fransanın da qoşulduğu beynəlxalq koalisiyanın əsgərlərinə hörmətimi nümayiş etdirmək istəyirəm. Onlar bizim təhlükəsizliyimiz üçün çox gərgin döyüşlər aparıblar”, - E.Makron belə deyib.
O, əlavə edib ki, təhlükə hələ də qalmaqdadır və terror qruplaşmalarına qarşı mübarizə davam etdirilməlidir.
Böyük Britaniyanın baş naziri Tereza Mey isə öz açıqlamasında bildirib ki, Suriyanın İŞİD-dən azad edilməsi tarixi hadisədir.
“İŞİD-in nəzarətində olan son ərazilərin azad edilməsi tarixi hadisədir. Ancaq biz İŞİD-in yaradacağı təhlükələrə göz yummamalıyıq, çünki bu bəla hələ də mövcuddur. Biz Britaniya xalqının və müttəfiqlərimizin müdafiəsi üçün əlimizdən gələni edəcəyik”, - deyə Tereza Mey bildirib.
Qeyd edək ki, ötən gün Ağ Evin mətbuat katibi Sara Sanders açıqlama verərək deyib ki, Suriya əraziləri İŞİD terrorçularından 100 faiz azad edilib.