Fransanın Oiz bölgəsinin Karlepont şəhərindəki kilsədə dəm qazından kütləvi zəhərlənmə olub.
APA yerli “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, kilsədə ibadət zamanı qaz sızması nəticəsində zəhərlənən 19 nəfər xəstəxanaya yerləşdirilib.
Karlepont şəhərinin meri Patris Argier kilsənin dərhal bağlanmasına göstəriş verib. O, hadisənin başvermə səbəbi kimi qaz xətində, habelə qazanxana sistemində nasazlığın olduğunu ehtimal edib: “İstilik sistemində nasazlığın yarandığını düşünürəm. Qazanxana sistemi artıq köhnəlib, ancaq bir ay əvvəl təmir edilmişdi. Sistem yenidən yoxlanılacaq".
Təxminən 200 nəfər binadan təxliyə olunub. Doqquz nəfər, o cümlədən səkkiz yaşlı uşaq müayinə üçün xəstəxanaya göndərilib. Xəsarət alanların heç birinin həyati təhlükəsi olmadığı bildirilir.
Qeyd edək ki, bir çox xristian ölkələrində insanlar dekabrın 24-ü gecə yarısı Milad bayramını qeyd etmək üçün kilsələrdə kütləvi ibadətlər edirlər.