Fransanın polis xüsusi təyinatlıları ölkənin şimalındakı Havr şəhər bankında insanları girov götürən silahlı şəxsi saxlayıblar
APA xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Bbinada olan bütün bank işçiləri azad edilib.
Qeyd edək ki, Fransanın “RTL” radiosu cinayətkarın bəzi tələblər irəli sürdüyü barədə xəbər verib. Belə ki, o, “İsrail həbsxanalarında qanunsuz olaraq həbs edilən fələstinli uşaqların sərbəst buraxılmasını” və 40 yaşdan kiçik fələstinlilərin Qüdsdəki Əl-Əqsa məscidinin qarşısındakı xüsusi mühafizə olunan əraziyə girişinin təmin olunmasını tələb edib. O, ərazidən qaçmaq üçün bir motosiklet də tələb edib.
***
Saat 22:53
Fransanın Havr şəhərində silahlı şəxs bankda insanları girov götürüb.
APA xəbər verir ki, bu barədə “Figaro” nəşri məlumat yayıb.
Məlumata görə, iki nəfər binanı tərk edə bilib və hazırda içəridə dörd girov var. Bildirilir ki, silahlı kişi Havrın mərkəzində, Strasbur bulvarındakı bank filialına daxil olub və tələb irəli sürüb. Tələbin təfərrüatları hələlik açıqlanmır.
Bank binası mühasirəyə alınıb, hadisə yerinə terrorçuluqla mübarizə üzrə xüsusi təyinatlı polis bölmələri gəlib. Hazırda polis həmin şəxslə danışıqlar aparır.
“BFMTV” telekanalının məlumatına görə, şübhəli şəxs psixi problemləri olan və bir sıra qanun pozuntularına görə polis tərəfindən tanınan 34 yaşlı yerli sakindir.