“Ginnesin rekordlar kitabı”nın mütəxəssisləri 90 yaşlı Yaponiya vətəndaşı Hamako Morini rəsmən dünyanın ən qocaman qeymeri kimi tanıyıb.
Lent.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nəşrin saytında məlumat yer alıb.
Bildirilir ki, qadın kompüter oyunlarına 39 il əvvəl, təxminən 1981-ci ildə maraq göstərməyə başlayıb. O, coystiklərdən və konsollardan ayrılmaq istəməyən uşaqları gördükdən sonra oyunlara həvəs göstərib. Morinin təcrübəli qeymer olması uzun zaman alıb, o, əvvəllər tez-tez oyunlarda uduzmalı olurmuş.
Ancaq zamanla Mori öz manevrlərini inkişaf etdirib və artıq özünün “YouTube”portalındakı “Gamer grandma” kanalında oyun tapşırıqlarını necə keçmək lazım olduğunu izah edir. Artıq kanalına 188 min izləyici də toplaya bilib.
Özünün ahıl yaşına və xoş görünüşünə baxmayaraq, Hamako Mori “Call of Duty: Modern Warfare” kimi sərt süjet xətli şuter və ya “GTA 5” kimi kriminal xarakterli oyunlara üstünlük verir.
Yaponiyalı qeymerin sözlərinə görə, gün ərzində oyunlara 7-8 saat vaxt sərf edir və bunu vaxt itkisi hesab etmir.