Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.
APA -nın məlumatına görə, Azərbaycanın yunan-Roma güləşi güləşi üzrə milli komandası bir qızıl və bir gümüş medal qazanıb.
Mübarizəyə 1/8 finaldan qoşulan Ziya Babaşov (48 kq) əvvəlcə yerli güləşçini məyus edib. 1/4 finalda Cənubi Afrika təmsilçisinə də göz açmağa imkan verməyən Z. Babaşov yarımfinala yüksəlib. Bu mərhələdə hindistanlı rəqibinə də gücünü göstərən Ziya adını finala yazdırıb. O, bu gün həlledici görüşə çıxıb. İranlı güləşçiylə qarşılaşmada son dəqiqədə üstünlüyü əldən verən Ziya gümüş medalı boynundan asıb.
Nihat Məmmədli (55 kq) debütdə ilk hissədə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionu daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus güləşçisini də vaxtından əvvəl üstələyək Nihat yarımfinala vəsiqə qazanıb. Məmmədlinin qarşısında Özbəkistan güləşçisi də duruş gətirməyib və həmyerlimiz finala adlayıb. Həlledici qarşılaşmada Hindistan təmsilçisinə tam üstünlüklə qalib gələn Nihat dünya çempionu olub.