Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ümumi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Bildirilir ki, şərti cəza almış Gülnarə Kərimovaya mənzili tərk etmək və rabitə vasitələri və internetdən istifadə qadağa edilsə də o, sistemli şəkildə məhkəmənin bununla bağlı qərarını pozub.
Qeyd edək ki, 2015-ci ilin avqustunda Gülnarə Kərimov dələduzluq və vergidən yayınma maddələri ilə azadlıqdan məhrum edilib. 2018-ci ilin iyulunda cəzası yaşayış yerini dəyişməməklə şərti cəza ilə əvəzlənib.
Ötən gün onun qızı İman “İnstaqram” hesabında anasının Baş Prokurorluğunun əməkdaşları tərəfindən aparıldığına dair video yerləşdirib.
Qeyd edək ki, Gülnarə Kərimovanın adı həmçinin ABŞ-ın “Maqnitski qanunu” əsasında sanksiya tətbiq etdiyi şəxslərin siyahısına daxil edilib.