“Əminəm ki, David Qareci məbədi ilə bağlı məsələlər dostluq və strateji tərəfdaşlıq ruhu çərçivəsində öz həllini tapacaq”.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu daxili işlər naziri Giorgi Qaxariya parlamentdəki çıxışında deyib.
Nazir bildirib ki, məbəd gürcü kilsəsi üçün böyük önəm daşıyır: “David Qareci məbədi ilə bağlı məsələ olduqca həssasdır. Hamı bu problemin 1996-cı ildən bəri ciddi hal aldığını və postsovet mirası olduğunu bilir. Müəyyən illərdə bu məsələnin həlli ilə bağlı fasilə yaranmışdı. Baxmayaraq ki, məsələ dərhal həllini tapmalı idi. Deyə bilərəm ki, yaxın gələcəkdə yeni komissiya qurulacaq və qonşu ölkə ilə demarkasiya işləri həyata keçiriləcək. Komissiya təcili şəkildə işə başlayacaq. Hər kəs anlayır ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bizə qardaş ölkədir”, - deyə Georgi Qaxariya bildirib.