"Gürcüstanda ABŞ hərbi bazasının tikintisinin məqsədəuyğun olmadığını bildirən ölkə prezidenti Salome Zurabişvili impiçmentlə üzləşə bilər".
ONA TASS-a istinadən xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat” partiyasının parlamentdəki deputatı Tinatin Bokuçava bildirib.
“Mən hər gün bir daha əmin oluram ki, bu qadın öz fəaliyyətini impiçmentlə başa vuracaq. Lakin indi vacibdir ki, o, impiçmentə qədər oxşar açıqlamalarla ölkəyə bərpaolunmaz ziyan vurmasın”, - deyə T.Bokuçava vurğulayıb.
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze qeyd edib ki, Gürcüstan və ABŞ arasında dostluq münasibətləri mövcuddur və hazırda hərbi bazanın tikintisi məsələsi nəzərdən keçirilmir: “ABŞ həmişə bizim strateji tərəfdaşımız və dostumuz olub və olacaq. Müstəqillik əldə etdikdən sonra həmişə yanımızda olub. Bütün qərarlar danışıqlar nəticəsində qəbul ediləcək. Hələ ki bu mövzuya dair söhbət olmayıb”.
Qeyd edək ki, Salome Zurabişvili ötən gün “Amerikanın Səsi” radiostansiyasına verdiyi müsahibədə bildirib ki, Gürcüstanda ABŞ hərbi bazasının tikintisi məqsədəuyğun deyil və təxribat kimi qəbul edilə bilər. Onun sözlərinə görə, Gürcüstan ABŞ-la əlaqələri dərinləşdirməli, lakin digər ölkələri təxribata çağıran addımlar atmamalıdır.