Gürcüstanın Kaxeti rayonuna tabe olan Telavi bələdiyyəsi ərazisində baş vermiş daşqının fəsadları böyüyür.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində bir neçə kənddə içməli su problemi yaranıb. Çay yatağı zədələndiyindən xilasetmə tədbirləri üçün lazım olan avadanlıqları əraziyə çatdırmaq çətinləşib. Telavi İcra Hakimiyətindən bildirilib ki, güclü yağış zədələnmiş su sistemini bərpa etməyə mane olur. Hazırda daşqına səbəb olan Stori çayı yatağını tərk edərək bir neçə istiqamətdə kəndə axmağa davam edir.
Aramsız yağışlar Qanıx çayının da daşmasına səbəb olub. Hadisə nəticəsində Qurjani-Laqodeci avtomagistralının bir hissəsi ikinci dəfə su altında qalıb. Qurjaninin icra hakimi Arçil Xandamaşvilinin sözlərinə görə daşqın əkin sahələrini, üzüm bağlarını və bostanları yararsız hala salıb.
Digər daşqın isə Kaxeti rayonunun Kvareli qəsəbəsində, Duruji çayının daşması səbəbindən baş verib. Qəsəbənin içi ilə axan çayda suyun səviyyəsinin qalxması çay bəndini bir neçə yerdən zədələyib və daşqın üzüm bağlarını su altında qoyub. Kvareli İcra Hakimiyyətinin başçısı Rostom Sesiaşşvili bildirilib ki, hazırda əraziyə daxil olmaq mümkün deyil və təmizləmə işlərinin aparılmasına ancaq suyun səviyyəsi endikdən sonra başlanılacaq.