Gürcüstanda yeni növ koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan hökumətinin qərarına əsasən, mayın 23-dən etibarən bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunmayacaq.
Qeyd edək ki, qonşu ölkədə “COVID-19” pandemiyası ilə əlaqədar olaraq martın 21-də fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan Prezidenti Salome Zurabişvili aprelin 17-də fövqəladə vəziyyət rejiminin mayın 10-dək uzadılması barədə sərəncam imzalayıb. Aprelin 22-də isə Gürcüstan parlamenti ölkədə fövqəladə vəziyyətin mayın 22-dək uzadılması ilə bağlı Prezident Salome Zurabişvilinin sərəncamını dəstəkləyib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb. Həmin tarixdən ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 723-ə çatıb.