Mayın 19-da Gürcüstanda keçiriləcək aralıq parlament və yerli hakimiyyət orqanlarına növbədənkənar seçkiləri 1,6 milyon dollara başa gələcək.
ONA-nın “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya və MSK-nın katibi Georgiy Cavaxişvilinin imzaladığı sənəddə əksini tapıb.
Bu vəsaitin 994 min dolları seçki komissiyalarının üzvlərinin əməkhaqqı, 270 min dolları mal və xidmətlərə xərclənəcək.
Qeyd edək ki, aralıq parlament seçkiləri Salome Zurabişvilinin prezident seçilməsi ilə əlaqədar keçirilir. S.Zurabişvili Tbilisidə Mtatsmind majoritar dairəsindən deputat olub.
Eyni zamanda Zuqdidi, Çiatura, Xulo, Zestafoni və Marneulidə mer, Saqareco, Ahmeta, Adiqeni, Ozurqeti, Çiatura, Tkibuli, Tskaltubo və Zestafonidə yerli idarəetmə orqanlarının məclislərinə bir neçə deputat seçiləcək.