Gürcüstanda Pankisi dərəsində etiraz aksiyası keçirilir.
ONA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, yerli əhali Axmeti rayon bələdiyyəsinin ərazisində Alazan çayı üzərində Su Elektrik Stansiyasının (SES) tikintisinə etiraz edir.
Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib, yaralananlar var. Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) asayişi bərpa etmək üçün hadisə yerinə əlavə polis əməkdaşları cəlb olunacağını açıqlayıb.
Yerli sakinlər Gürcüstan daxili işlər nazirinin müavini Kaxa Sabanadze görüşüb. Görüşdə yerli əhalinin bir neçə təmsilçisi ilə müzakirə aparılması təklif olunub və danışıqlar başa çatana qədər SES-in tikintisinin dayandırılacağı vəd edilib. Telavidə hakimiyyət nümayəndələri ilə danışıqlar başlanıb.
Qeyd edək ki, Alazan çayı üzərində 5,4 meqavat gücündə “Xadori 3” SES-in tikintisi planlaşdırılır. Tikinti işlərinə 2018-ci ildə başlanmalı olsa da, o zaman yerli əhali SES-in bölgə üçün ciddi ekoloji təhlükə mənbəyi olacağını əsas gətirərək, tikintinin qarşısını alıb. Hökumət həmin ərazidə ekspertiza apardıqdan sonra SES-in tikintisinin ətraf mühit və Birkiani kəndinin əhalisi üçün təhlükə yaratmayacağını bildirib. “Alazeni Enerji” və “Peri” şirkətləri aprelin 21-də tikintiyə başlamaq üçün əraziyə texnika gətirib.