Haaqa Tirbunalı Bosniya serblərinin sabiq lideri Radovan Karaciçin cəzasını ağırlaşdırıb.
ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 73 yaşlı Radovan Karaciç barədə 40 il azadlıqdan məhrumetmə cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib.
Bu barədə qərarı Haaqa Tribunalının Apellyasiya Palatası qəbul edib. Hakim Van Yonsen bildirib ki, Apellyasiya Palatası 40 il azadlıqdan məhrumetmə cəzasını R. Karaciçin Bosniya və Hersoqovinada ağır cinayətlərdə iştirakına adekvat saymayıb. Buna görə də Apellyasiya Palatası R. Karaciçin ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar verib.
Qeyd edək ki, R. Karaciç 13 il axtarışda olub, 2008-ci ilin iyulunda Serbiya xüsusi xidmət orqanları tərəfində Belqrad yaxınlığında saxlanılıb. Məhkəmə prosesi 26 oktyabr 2009-cu ildə başlayıb və R. Karaciç ona qarşı irəli sürülmüş 11 ittihamın 10-da günahkar sayılaraq 40 il azadlıqdan məhrum edilib. Bu ittihamlar arasında Srebrenitsa qətliamı da olub.