Naməlum şəxslər Çilinin Haitidəki səfirinin olduğu avtomobil karvanına hücum edib.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində “America Solidaria” beynəlxalq qeyri-hökumət təşkilatının bir əməkdaşı ölüb.
“Buten yaşayış məntəqəsində bizim diplomatlarımızın olduğu nümayəndəliyə silahlı hücum olub. Silahlı şəxslər avtomobillərə atəş açıb. Hücumun qarşısı nümayəndəliyi müşayiət edən Çili polisi tərəfindən alınıb”, - Çili DİN rəhbəri Andres Çadvik belə deyib.
O, əlavə edib ki, hücum zamanı “America Solidaria” təşkilatının əməkdaşı olan bir Haiti vətəndaşı həyatını itirib. Səfir və onun xanımı hadisədə xəsarət almayıb.
Hadisənin motivi barədə hələlik heç nə məlum deyil. Ancaq polisin ehtimalına görə, hücumçular avtomobil karvanını qarət etmək istəyib.