Cümə axşamı əksər parlament fraksiyalarının dəstəyini qazanan Livanın keçmiş təhsil naziri Hassan Diab ölkənin yeni Baş naziri təyin ediləcək.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Livan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Respublika Prezidenti Mişel Aun tərəfindən Baabd Sarayında parlament fraksiyaları ilə aparılan məsləhətləşmələrdən sonra 128 deputatdan 69-u 60 yaşlı professorun namizədliyini təsdiqləyib.
Dövlət başçısı ölkəni kəskin iqtisadi böhrandan çıxartmaq məqsədilə Baş nazir postunun həvalə edildiyi Hassan Diabı qəbul edib.
Parlamentin vitse-spikeri Ailey Ferzley bundan əvvəl qeyd etmişdi ki, Diab dialoq adamıdır və hörmətli Beyrut ailəsinə mənsubdur.
Diab, qısa müddət ərzində yeni hökumət quracağını və ölkədəki vəziyyəti sabitləşdirəcəyini vəd edib.
Qeyd edək ki, Livanın konfessiya quruluşuna görə, respublika prezidenti xristian icmasından, Baş naziri sünni müsəlmanlardan, Parlament sədri isə şiə müsəlmanlardan seçilir.