Hindistanın Telanqana ştatının Suryapet şəhərində stadionun taxta tribunasının çökməsi nəticəsində təxminən 100 nəfər xəsarət alıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bədbəxt hadisə Hindistanda məşhur komanda oyunu – güləş elementlərini özündə əks etdirən kabaddi üzrə milli çempionatın açılış mərasimində baş verib.
“Ölümlə əlaqədar hər hansı məlumat daxil olmayıb, xəsarət alanlar isə müalicə alır”, - deyə Suryapet polisinin yüksək rütbəli zabiti bildirib.
İlkin məlumata görə, tribunada təxminən 1,5 min nəfər var olub, bu da onun tab gətirə biləcəyindən çoxdur.