• DÜNYA

    09:09 3 noyabr 2019

Honkonqda 200-dən çox aksiya iştirakçısı saxlanılıb

Noyabrın 2-də Honkonqun müxtəlif rayonlarında aksiyalar keçirilib.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, polis yerli vaxtla saat 14.00-da Viktoriya parkında icazəsiz aksiyada iştirak edənlərin zorakılıq aktlarına yol verdiyi barədə məlumat yayıb.

Aksiyaçılar Kozuey-Bey və Van Çay rayonlarında küçələri bağlayıb, barrikada qurub, polisə yandırıcı maddə dolu butulkalar, kərpic atıblar. Koulun rayonunda bir neçə mağaza talan edilib və yandırılıb.

Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. 3 noyabr gecə saat 01.00-a qədər 200-dən çox aksiya iştirakçısı saxlanılıb. Saxlananlar arasında hücum məqsədi ilə silah əldə edən 4 kişi və bir qadın da var.

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları iyunda başlayıb və artıq 5 aydır ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.

İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini uzun müddət yerinə yetirməyib. Nəhayət, sentyabrın 4-də qanun layihəsi parlamentdən geri götürülüb. Ancaq bu da aksiyaları dayandırmayıb. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.

Aksiyalarda demokratik islahatların keçirilməsi, K. Lamın istefası, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülür.

Oktyabrın 4-də isə aksiyalar zamanı maska taxılmasına qadağanı və maska taxanların 3,2 min dollar cərimələnməsini nəzərdə tutan qanunun qəbul edilməsi növbəti gərginliyə yol açıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR