Bu gün Honkonqda hakimiyyətlə razılaşdırılmış yürüşə on minlərlə insan qatılıb.
ONA-nın “South China Morning Post” qəzetinə istinadən verdiyi məlumata görə, yürüş iştirakçıları aksiyalar zamanı polis zorakılığının müstəqil qaydada araşdırılmasını, aksiyalar zamanı saxlanılanların buraxılmasını, Honkonq administrasiyasının rəhbəri postuna seçkilərin keçirilməsini tələb ediblər.
Lakin dinc şəraitdə keçən aksiya zamanı bir qrup HSBC Bankının ofislərinə hücum edib. Polis Vançay rayonunda baş verən toqquşma zamanı gözyaşardıcı qazdan istifadə edib.
Bundan əvvəl Yeni il gecəsi də aksiyaçılarla polis arasında toqquşma baş verib.
Qeyd edək ki, Honkonqda etiraz aksiyaları keçən ilin iyununda başlayıb və artıq 6 aydan çoxdur ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.
Keçən il iyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini uzun müddət yerinə yetirməyib. Nəhayət, keçən il sentyabrın 4-də qanun layihəsi parlamentdən geri götürülüb. Ancaq bu da aksiyaları dayandırmayıb. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçib. Aksiyalarda demokratik islahatların keçirilməsi, K. Lamın istefası, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülüb.
Keçən il oktyabrın 4-də isə aksiyalar zamanı maska taxılmasına qadağanı və maska taxanların 3,2 min dollar cərimələnməsini nəzərdə tutan qanunun qəbul edilməsi növbəti gərginliyə yol açıb. Bununla belə, keçən ilin noyabrından başlayaraq razılaşdırılmamış aksiyalara qatılanların sayında kəskin azalma müşahidə olunur.