Dünən Honkonqda keçirilən icazəsiz aksiyalar zamanı polislə toqquşma baş verib.
ONA-nın RTHK telekanalına istinadən verdiyi məlumata görə, nəticədə 31 nəfər xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən 31 nəfərdən 18-i tibbi yardım göstərildikdən sonra buraxılıb.
Hazırda xəstəxanada müalicəsi davam etdirilənlərdən 5 nəfərin durumu ağırdır.
Qeyd edək ki, toqquşma Honkonqda Hökumət binası yaxınlığında baş verib, gecə saatlarına qədər davam edib. Aksiyaçılar polisə daş, yandırıcı maddələrin olduğu butulkalar atıb, polis gözyaşardıcı qaz, su şırnağı tətbiq edib, havaya atəş açıb.
Xatırladaq ki, Honkonqda etiraz aksiyaları 3 aydır ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.
İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini yerinə yetirməyib. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.
Artıq aksiyalarda demokratik islahatların keçirilməsi, K. Lamın istefası, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülür.