• DÜNYA

    13:21 6 oktyabr 2019

Honkonqda yenidən aksiyalar başlayıb - YENİLƏNİB

Bu gün Honkonqda yenidən aksiyalar başlayıb.

ONA-nın “South China Morning Post” qəzetinə istinadən verdiyi məlumata görə, cümə günü aksiyalar zamanı maska taxılmasına qadağanı və maska taxanların 3,2 min dollar cərimələnməsini nəzərdə tutan qanunun qəbul edilməsi növbəti gərginliyə yol açıb.

Aksiyaçıların əksəriyyəti yenə də maska taxıb. Aksiyaçılar barrikada qurur, yerüstü nəqliyyatın hərəkətinə mane olur.

Qeyd edək ki, dünən aksiyalar zamanı metrostansiyalara hücum edilib, metronun hərəkəti dayanıb. Metronun hərəkəti bu gün bərpa olunub.

***

saat 10.35

Bu gün Honkonqda hökumət əleyhinə növbəti aksiyaların keçiriləcəyi gözlənilir.

ONA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu gün keçiriləcək aksiyanın daha kütləvi olacağı proqnozlaşdırılır.

Bu arada dünən aksiyalar zamanı bir neçə metrostansiya hücuma və dağıntıya məruz qaldığı üçün fəaliyyətini dayandırmış metro da fəaliyyətini bərpa edib. Metro qatarları bu gün ənənəvi iş saatından 3 saat az, saat 21.00-a qədər hərəkətdə olacaq. Bəzi metrostansiyalar da təmirlə əlaqədar açılmayıb.

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları iyunda başlayıb və artıq 5 aydır ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.

İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini uzun müddət yerinə yetirməyib. Nəhayət, sentyabrın 4-də qanun layihəsi parlamentdən geri götürülüb. Ancaq bu da aksiyaları dayandırmayıb. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.

Artıq aksiyalarda demokratik islahatların keçirilməsi, K. Lamın istefası, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülür.

ONA

Teqlər:

SON XƏBƏRLƏR