• DÜNYA

    19:25 17 noyabr 2019

İranda benzinin bahalaşması əleyhinə keçirilən aksiyalar zamanı bir polis öldürülüb

İranda benzinin qiymətinin artırılması və aşağı qiymətə satış üçün norma müəyyən edilməsi ilə əlaqədar ölkəni bürüyən iğtişaşlar zamanı bir polis əməkdaşı öldürülüb.

ONA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Kirmanşah şəhərində polis əməkdaşı aksiya iştirakçılarının polis məntəqəsinə hücumunun qarşısını almağa cəhd edərkən həyatını itirib.

“Alman dalğası”nın yaydığı xəbərə görə, polis noyabrın 15-dən başlayan aksiyalarda iştirak edən 1000-dən artıq insanı saxlayıb. Radikal əhval-ruhiyyəli aksiya iştirakçıları ölkənin müxtəlif regionlarında 100-dən artıq bank şöbəsi və bir neçə ticarət mərkəzini yandırıb. Hökumət şənbə axşamından İnternet yayımını məhdudlaşdırıb, bir çox yerlərdə internetə qoşulmaq və aksiyalar barədə məlumat almaq çətinləşib. Bu gün parlamentin fövqəladə iclası çağırılıb.

Qeyd edək ki, noyabrın 15-də gecə ölkədə davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. Hökumətin qərarına əsasən, dövlət benzin kartına malik şəxslər ay ərzində bir litri 12 avrosent ekivalentinə bərabər olmaqla, 60 litrə qədər benzin ala bilər. Daha böyük həcmdə benzin almaq istəyənlər benzinin keyfiyyətindən asılı olaraq hər litr üçün 24 avrosentdən 30 avrosentə qədər ödəməlidirlər. Bu, indiyə qədər olan qiymətlərdən faktiki 3 dəfəyə bahadır.

Aksiyalar fonunda dünən Prezident Həsən Ruhani, spiker Əli Laricani və Ali Məhkəmənin sədri Ebrahim Raisi qapalı toplantı keçirib. Toplantıda hökumətin benzinlə bağlı qərarı dəstəklənib.

Bu gün isə İran Ali dini lideri Əli Xamenei hökumətin benzinin bahalaşması barədə qərarını dəstəkləyib. Əli Xamenei bildirib ki, hakimiyyətin qolları ekspertlərin dəstəklədiyi qərarı qəbul edib və bu qərar icra olunmalıdır.

İran Baş prokuroru Məhəmməd Cavad Montazeri də aksiyaya qatılanları hədələyib. Baş prokuror iğtişaş törədənlərin xaricdən göndərildiyini, iğtişaş törədənlərin aşkarlanaraq cəzalandırılacağını bildirib və vətəndaşları cinayət məsuliyyətinə cəlb olunmamaları üçün belələrindən uzaq durmağa çağırıb.

Bundan əvvəl "RİA Novosti" agentliyi noyabrın 15-də başlayan aksiyalar zamanı 1 nəfər, bəzi xəbər agentlikləri isə 10 nəfərədək ölənin olduğu barədə məlumat yayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR