Bu gün İraqda hökumət əleyhinə növbəti aksiyalar keçirilib.
ONA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, minlərlə insan şəhərlərdə küçələrə çıxaraq yolları kəsib, hökumətin dəyişməsini tələb edib.
Aksiyaçılar hazırkı hakimiyyəti korrupsioner və qeyri-effektiv sayır.
Qeyd edək ki, bu gün Adel Abdel Mehdinin yerinə yeni İraq Baş Naziri təyin edilməsi üçün müəyyən edilmiş müddət başa çatır. A. A. Mehdi noyabr ayında istefa verib, amma müvəqqəti hökumətə başçılıq edir. Prezident Bəhram Salehi artıq iki dəfə yeni baş nazir təyinatını təxirə salıb.
Baş nazir postu üçün təhsil naziri Kuseya as-Suxaylyanın adı hallanır. Lakin aksiyaçılar hazırkı hakim elitada təmsil olunan digər şəxslər kimi onun da namizədliyinin əleyhinə çıxır.
Xatırladaq ki, İraqda hökumət əleyhinə aksiyalar oktyabr ayından başlayıb. Ötən dövr ərzində təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı 460 nəfər ölüb, 25 min nəfər yaralanıb.