İspaniyanın böyük hissəsini əhatə edən və qarla, güclü külək və yağışla müşahidə olunan qasırğa nəticəsində azı dörd nəfər ölüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında nəqliyyat, səfərbərlik və şəhər gündəmi naziri Xose Luis Abalos bildirib.
Qurum rəhbəri qasırğada ölənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
İspaniya Dövlət Meteoroloji Agentliyi 7 yanvar tarixindən etibarən qar, soyuq hava və külək səbəbindən bir çox bölgədə həyəcan elan edib. Təbii fəlakətlə bağlı Madriddə qar örtüyünün hündürlüyünün 50 sm-dən çox olduğu yerlərə ciddi ziyan dəyib, qar Madrid-Baraxas beynəlxalq hava limanının işini iflic edib, bəzi ərazilərdə dəmir yolu nəqliyyatı və şəhərdə avtobusların hərəkəti dayandırılıb. Paytaxt hava limanı ən azı bazar günü günortaya qədər işini bərpa edə bilməyəcək.
İspaniya rəhbərliyi qasırğanı son 50 ilin ən pis hava şəraiti adlandırıb. Krallıq hökuməti sakinləri evdə oturmağa çağırıb.