İsraildə koronavirus epidemiyasının ikinci dalğası başlayıb.
APA-nın “The Times of Israel” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyi və Hərbi kəşfiyyat İdarəsi nəzdində fəaliyyət göstərən Koronavirusa qarşı mübarizə Mərkəzinin birgə hesabatında bildirilib.
Qeyd edilib ki, epidemiyanın ikinci dalğası iyul ayında minlərlə yeni yoluxmaya və yüzlərlə ölüm hallarına səbəb olacaq.
“Yeni dalğa əvvəlkindən xüsusiyyətlərinə görə fərqlənəcək, lakin bu o qədər də ciddi olmayacaq. Mövcud vəziyyətlə bağlı ciddi karantin rejimi yenidən tətbiq edilə bilər” – hesabatda vurğulanıb.
Səhiyyə Nazirliyi vətəndaşların maskadan istifadə və koronavirusun qarşısını almaq üçün digər tədbirləri ciddiyə almamasından narahatlığını bildirib.
Səhiyyə Nazirliyi, həmçinin, xəstələrinin qəbulu üçün bütün ixtisaslaşdırılmış şöbələri açmağa hazır olduğunu bəyan edib.