İndoneziyada ümumi seçkilərdən sonra səslərin sayılması zamanı azı 54 nəfər dünyasını dəyişib.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir məlumatı Mərkəzi Seçki Komissiyasının sədri Arif Budiman verib.
Onun sözlərinə görə, 17 aprel tarixində baş tutmuş prezident və parlament seçkilərindən sonra səslərin sayılması zamanı 54 MSK nümayəndəsi həddindən çox işlədiyinə görə ölüb, daha 32 nəfər vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. MSK sədri bildirib ki, ölkənin bir çox bölgələrindəki seçki məntəqələrində iş bir sutkayadək davam edib.
Qeyd edək ki, ikipalatalı parlament seçkilərində 20 min yer uğrunda təxminən 240 min namizəd mübarizə aparır. Səsvermədə təxminən 193 milyon seçicidən 80%-i iştirak edib.