“İlk 60 gündə İranın 1-ci addımı çərçivəsində zənginləşdirilmiş uranın və ağır suyun “istehsal prosesi və potensialı”nın artırılması ilə bağlı işlər artıq Nətənz və Ərak ağır su zavodunda prezident göstəriş verdiyi gündən başlanılıb”.
ONA-ın Tehran bürosunun məlumatına görə, bunu İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.
O bildirib ki, bununla da İran Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) 26-cı maddəsinin (300 kiloqram zənginləşdirilmiş uran və 130 kiloqram ağır su) tələbi ilə bağlı öhdəlik daşımır: “HBFP-ni imzalayan ölkələr öz öhdəliklərini yerinə yetirərsə, biz də öhdəliyimizi tamamilə yerinə yetirməyə hazırıq. Biz avropalıların görəcəkləri işləri sürətləndirməsini gözləyirik. Ona görə ki, bu iki ay tez gəlib keçəcək. Bürokratiya və digər məsələləri kənara qoymalıdırlar. İran onlara bir il vaxt verdi, deyə bilməzlər zamanla bağlı problemləri var. Onlar işlərini sürətləndirməlidir. Bu iki ay ərzində bank sistemi və neft alışı prosesi ilə bağlı məsələləri icra etməlidirlər”.
Tezliklə bir qrup jurnalistin Nətənz zavodundakı fəaliyyət prosesini izləməsi üçün şərait yaradılacağını bildirən B.Kəmalvəndi deyib ki, hazırda İranın sentrifuqaların sayının artırılması ilə bağlı proqramı yoxdur, istehsal həcmi elə mövcud sentrifuqalardan istifadə etməklə artırılacaq.
Beynəlxalq Atom Enerjisi Agentliyinin İranda görülən işlərə nəzarətlə bağlı sualı cavablandıran B.Kəmalvəndi deyib ki, bəzi mərhələ və işlər üçün agentliyə məlumat vermək lazımdır: “Bu işi vaxtında görmüşük və görürük”.
İranın Omandakı ağır su ehtiyatlarının taleyinə gəlincə, B.Kəmalvəndi deyib ki, bu ehtiyatlar İranın mülkiyyətindədir və hazırda ekspertlər Omanda ehtiyatların saxlanma şəraitini yoxlayır: “Omanda olan ağır su ehtiyatlarımızı hələlik orda saxlayırıq. Əgər istəsək, satacaq və ya ölkəyə geri qaytaracağıq”.
Məhdudiyyətlərin ləğvi ilə İranın sürətlə inkişaf edəcəyini deyən B.Kəmalvəndi qeyd edib ki, ABŞ hədə və təzyiq metodundan əl çəkməlidir: “Birləşmiş Ştatlar müzakirə üçün sanksiya tətbiq etməməlidir. Bəlkə müzakirə üçün sanksiyaları ləğv etmək lazımdır. Məhdudiyyətlər və problemlər var, lakin geniş potensiallarımız da var və biz bunu yaxşı bilirik”.