• DÜNYA

    23:48 9 iyun 2019

İran özünün yeni hava hücumundan müdafiə sistemini təqdim edib

İran öz istehsalı olan "15 Xordad" adlı yeni və müasir hava hücumundan müdafiə (HHM) sistemini təqdim edib.

ONA-nın Tehran bürosunun məlumatına görə, təqdimat mərasimində İranın müdafiə naziri general Əmir Hatəmi iştirak edib.

"Modern və inkişaf etmiş "15 Xordad" Hava Hücumundan Müdafiə Sistemi iranlı mütəxəssislər tərəfindən layihələşdirilib və hazırlanıb", - deyə Ə.Hatəmi bildirib.

Onun sözlərinə görə, ölkənin HHM-nin inkişafı üçün müxtəlif məsafədə hədəfləri məhv edə biləcək sistemlərin istehsalı nəzərdə turulub: "Bu sistem 150 kilometrdən qırıcı və 120 kilometrdən pilotsuz təyyarələri məhvetmə qabiliyyətinə malikdir. Bundan başqa, 85 kilometrdən gizli hədəfləri aşkarlaya və məhv edə bilir".

O bildirib ki, "15 Xordad" HHM sistemi eyni zamanda 6 hədəfi aşkarlamağa, izləməyə və məhv etməyə qadirdir: "Bu sistemin digər özəlliyi hərəkətli olmasıdır. Belə ki, 5 dəqiqəyə döyüş vəziyyətinə gətirilir".

İranlı nazir qeyd edib ki, hazırda HHM sistemlərini inkişaf etdirmək hər bir ölkə üçün zəruridir.

"Sanksiyalara və digər ölkələrdən silah almaq imkanının olmamasına baxmayaraq, ölkə daxilində mütəxəssislərimiz bu sahəni inkişaf etdirir. Diqqəti öz imkanlarımızdan istifadəyə yönəltmişik", - deyə Ə.Hatəmi əlavə edib.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR