• DÜNYA

    18:25 16 aprel 2019

İran Suriyada telekanal açıb

İran Dövlət Televiziya və Radio Təşkilatı bu gün bir televiziya kanalı, bir beynəlxalq xəbər agentliyi və bir internet televiziyasının rəsmi açılışını edib.

ONA-nın Tehran bürosunun məlumatına görə, İranpress.com beynəlxalq xəbər agentliyi İranda fəaliyyət göstərən ilk ingilisdilli xəbər agentliyidir və sınaq mərhələsini başa vurduqdan sonra bu gündən rəsmən fəaliyyətə başlayıb.

Agentlik ingilis dilində ölkədaxili, əsasən İrana qonşu olan ölkələr və digər ölkələrdən xəbərlər yayımlayacaq.

Bundan başqa, İran Dövlət Televiziya və Radio Təşkilatı Suriyada bu gündən “əl-Am” televiziya kanalının yayımına lisenziya verib. Kanal 24 saat ərəb dilində yayımlanacaq. Kanalın əsas ofisi Dəməşq şəhərində yerləşir və onun işçilərinin hamısı Suriya vətəndaşlarıdır.
HUSA internet televiziya kanalı isə bu gündən Afrika, xüsusilə də qitənin qərbində müxtəlif proqramlar yayımlayacaq.

İran Dövlət Televiziya və Radio Təşkilatı rəsmilərinin məlumatına görə, bu televiziya və agentlik Qərb KİV-lərinin hegemonluğu ilə mübarizə aparmaq, eləcə də yalan xəbərlərin və şayiələrin qarşısını almaq məqsədilə fəaliyyət göstərəcək.

Açılışda İran Dövlət Televiziya və Radio Təşkilatının sədri Əbdüləli Əliəskəri, İranın ali lideri Ayətullah Xameneyinin beynəlxalq məsələlər üzrə köməkçisi Möhsin Qummi, Tehranda olan xarici mətbuat nümayəndələri və digər şəxslər iştirak edib.

Süleyman Fərzəliyev

Aytən

Teqlər:

SON XƏBƏRLƏR