• DÜNYA

    14:59 18 mart 2019

İran təmsilçisi Brüsseldə Yəmənlə bağlı danışıqlara qatılacaq

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi Hüseyn Cabiri Ənsari Belçikanın paytaxtı Brüsseldə Yəmən böhranı ilə bağlı müzakirələrə qatılacaq.

ONA-nın Tehran bürosunun məlumatına görə, İran təmsilçisi Almaniya, Fransa, İngiltərə və İtaliya nümayəndələri ilə bir araya gələcək.

H.C.Ənsari bildirib ki, İran Yəmənlə bağlı müzakirələrə yəmənlilərin öz istəyi ilə qoşulub və problemin həllini asanlaşdırmağa çalışır: “Bu məqsədlə biz Avropanın bir neçə ölkəsi ilə danışıqlar aparırıq. Aşkar şəkildə elan etmişik ki, əgər bu danışıqlar müsbət nəticələnərsə, başqa məsələlər haqqında da müzakirələri diqqətdə saxlayacağıq. Lakin biz hələ bu danışıqların başqa danışıqlara başlamaq üçün effektiv və təsiredici olduğunu görmürük. Bu tənqidi biz həmişə Qərb ölkələrinə etmişik və onlardan danışıqların ciddi nəticələrini tələb etmişik. Əgər bu danışıqlar Yəməndə öz təsirini göstərərsə və müharibəni yekunlaşdırarsa, İran digər məsələlərlə bağlı çoxtərəfli danışıqlara müsbət yanaşacaq”.

H.C.Ənsari bu gün günorta Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmidtlə görüşəcək.

Qeyd edək ki, bu, İran və 4 Avropa ölkəsi arasında Yəmənlə bağlı beşinci danışıqlardır. İlk danışıqlar Yəməndə yaşanan humanitar faciənin ardından ötən il Münhendə baş tutub. Daha sonra bir neçə ay fasilə ilə Brüsseldə 3 görüş keçirilib.

Süleyman Fərzəliyev

Aytən

Teqlər:

SON XƏBƏRLƏR