İran məhkəməsi ABŞ vətəndaşını 10 il azadlıqdan məhrum edib.
ONA-nın “Alman dalğası”-na istinadən verdiyi məlumata görə, məhkəmənin martın 16-da verdiyi qərara əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uayt İranın ali dini lideri Əli Xameneyini təhqir etdiyi və şəxsi fotoqrafını internetdə yerləşdirdiyi üçün 10 il azadlıqdan məhrum edilib.
Vəkil Mark Zeyd müdafiə etdiyi 46 yaşlı M. Uaytın sağlıq durumunun hazırda yaxşı olduğunu bildirib. M. Uayta qohumları ilə birbaşa əlaqə saxlamaq qadağan edilib.
Qeyd edək ki, sabiq hərbçi 2018-ci ilin iyulunda internetdə tanış olduğu iranlı qızla görüşmək üçün Məşhəd şəhərinə gəlib. Yaxınları M. Uaytın İrana səfər üçün vizası olduğunu bildiriblər.
Xatırladaq ki, İran həbsxanalarında hazırda ABŞ-ın daha 3 vətəndaşı saxlanılır. Onlar casusluqda və qiyama təhrikdə günahlandırılır. İranda 2007-ci ildə itən daha bir amerikalının harada olduğu isə məlum deyil.