İranda tibbi avadanlıqların qiyməti 4-5 dəfə bahalaşıb.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Radiologiya Cəmiyyətinin katibi Vəhid Kərimi deyib.
İran Patoloji Cəmiyyətinin katibi Məhəmməd Əli Brumənd isə laboratoriya materiallarının satın alınması üçün hökumət tərəfindən xarici valyuta ayrılmamasından gileylənib. O bildirib ki, laboratoriyaların ehtiyacı olan avadanlıqları və ehtiyat hissələrini almaq üçün hökumət xarici valyuta ayırmır: “Ona görə də qiyməti ötən ilə kimi 9 milyon tümən (təqribən 600 ABŞ dolları) olan bəzi ehtiyat hissələri bahalaşaraq 36 milyon tümənə (təqribən 2400 ABŞ dollarına) çatıb”.
Araşdırmalara görə, bəzi tibb ocaqları və müəssisələri öz tibbi avadanlıqlarını qaçaq yollarla təmin edir. Sistan və Bəlucistan əyalətinin polis komandiri Məhəmməd Qənbəri deyib ki, Zahidan şəhərində yükdaşıma şirkətində yoxlama apararkən 1 milyard 575 milyon tümən (100 000 ABŞ dolları) dəyərində qaçaq tibbi avadanlıqlar, anbarda aparılan araşdırma zamanı isə 4500 ədəd rentgen filmləri müsadirə edilib.