İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın İran İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatı elan etməsi ilə bağlı BMT baş katibi Antonio Quterres və BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.
ONA-nın İran bürosunun verdiyi məlumata görə, M.C.Zərif məktubunda bu qərarı təhlükəli və qanunsuz addım adlandırıb. “İran İslam Respublikası bu təxribatçı addımı ölkəyə qarşı düşmənçilik hərəkəti kimi qınayır. Eyni zamanda bunu regional və beynəlxalq sülh və təhlükəsizliyə böyük təhlükə hesab edir”.
O, SEPAH-a qarşı bu addımların nəticələrinə görə ABŞ-ın məsuliyyət daşıdığını deyib: “ABŞ-ın iddiasının əksinə olaraq SEPAH və İran Silahlı Qüvvələri regionda terrorizmlə və radikalizmlə mübarizənin önündə dayanır. SEPAH BMT TŞ tərəfindən fəaliyyəti qadağan olunan “Əl-Qaidə”, İŞİD, “Nusra Cəbhəsi” və digər terror təşkilatları ilə mübarizədə həmişə terrorizmin qurbanı olan insanlar və dövlətlərin yanında olub”.
BMT baş katibinə ünvanlanan məktubda İran tərəfinin də qarşılıqlı olaraq ABŞ Mərkəzi Qüvvələrinə (CENTCOM) qarşı oxşar addım atdığı və həmin qüvvələrin terror təşkilatı elan etdiyi qeyd olunub.