İraqda Dəclə çayında bərənin batması nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “Al-Arabia” telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Buna qədər 85 nəfərin öldüyü deyilirdi.
Telekanalın bildirdiyinə görə, faciənin baş verməsi ilə əlaqədar 9 nəfər saxlanılıb. Ölkənin baş naziri Adel Abdel Mehdi hadisənin səbəblərinin ətraflı araşdırılmasına dair göstəriş verib.
İlkin ehtimal olaraq, hadisəyə bərənin normadan üç dəfə artıq yüklənməsinin səbəb olduğu deyilir. Bildirilir ki, 75 sərnişin üçün nəzərdə tutulmuş bərədə həmin vaxt təxminən 250-dək adam olub.